Doktor son günlər düşünürdü ki, həkimlik işi günün hamısını əlindən alır, doğma qızı ilə məşğul olmağa isə vaxtı qalmır. O öz qızını bütün atalar kimi, bəlkə də bir az artıq sevirdi. Ancaq onun oxumağından, universitetdə özünü necə aparmağından, ümumiyyətlə, arzularından, istəklərindən, problemlərindən xəbəri olmurdu. Düzdür, vaxtlı-vaxtında pul verirdi, amma bununla işi bitmiş hesab etmək olmazdı axı?!